Günün məzənnəsi
(01 Dekabr, 2025)
  • XAU: 4024.8605 AZN
  • USD: 1.7 AZN
  • EUR: 1.8411 AZN
  • GBP: 2.1774 AZN
  • RUB: 0.0194 AZN
  • TRY: 0.052 AZN
İlham Əliyev Hesab edirik ki, etimadı illərlə qazanmaq lazımdır. Onu səhv bir addımla itirmək olar.
Auditin ideoloji inkişaf yolu-Etimadın peşəkar standartlara təkamülü

Etimad yoxdursa, hüquq da işləmir, bazar da

Etimad - iqtisadiyyatın görünməyən, lakin əvəzsiz infrastrukturudur. O olmadan nə müqavilə reallaşar, nə investisiya edilər, nə də dövlət-bazar münasibətləri tənzimlənər.

Audit isə bu infrastrukturun mexaniki yox, etik və institusional mexanizmini formalaşdıran vasitədir. Lakin, audit anlayışı bu gün bir çox dairədə ya formallığa, ya da kağız üzərində proseduraya çevrilib. Onun tarixi, fəlsəfəsi və institusional mahiyyəti isə az müzakirə olunur.

Bu yazıda məqsədimiz auditin yaranma səbəbi, inkişaf məntiqi və onun etik-standartlaşdırılmış çərçivəyə necə çevrildiyini göstərməkdir.

1. İlk mərhələ: Etimadın fiziki nəzarətlə əvəz olunduğu dövr

Audit anlayışı hələ Roma imperiyasına qədər gedib çıxır. “Auditor” sözü latınca “audire” – “eşidən” deməkdir. O dövrdə vergi yığımları və dövlət mallarının hərəkəti ilə bağlı hesabatlar yüksək səslə oxunur, məsul şəxs isə qulaq asaraq uyğunsuzluğu aşkar edirdi.

Bu mərhələdə audit:

  • texniki yox, şəxsi etimadın davamı idi;
  • formal standartlar yox idi, əsas hesabat verənin ləyaqəti və ya nüfuzu idi;
  • nə müstəqillik, nə də yazılı rəy anlayışı vardı.

2. Sənaye inqilabı və kapitalın kütləviləşməsi: Auditorun institusional mövqeyi

XVIII–XIX əsrlərdə sənaye inqilabı ilə birlikdə kapitalın yığılması və paylanması prosesi dəyişdi. Artıq müəssisələr bir nəfərə yox, müxtəlif səhmdarlara, kredit təşkilatlarına və dövlət qurumlarına cavabdeh idi. Etimad şəxsi tanışlıqla deyil, məhdud məsuliyyətli, anonim sahibliyə əsaslanmalı idi.

Bu dönüş:

  • auditorun formal institut kimi struktur qazanmasına səbəb oldu;
  • 1862-ci ildə Böyük Britaniyada ilk dəfə auditorluq məcburi oldu;
  • Auditor artıq sahibkarın dostu yox, ictimai maraqların qoruyucusu statusuna keçdi.

3. Standartlaşdırma və hüquqi çərçivələşmə dövrü: XX əsr

XX əsr dünya iqtisadi böhranları, müharibələr və daha sonra qloballaşma ilə formalaşdı.
Xüsusilə 1929-cu Böyük Depressiya, ABŞ-da mühasibat uçotunda manipulyasiyaların nələrə səbəb olduğunu göstərdi.

Nəticə olaraq:

  • 1933–1934-cü illərdə ABŞ-da SEC (Securities and Exchange Commission) yaradıldı;
  • GAAP (Generally Accepted Accounting Principles) – Ümumi Qəbul Olunmuş Mühasibat Prinsipləri formalaşdı;
  • 1973-cü ildə isə IFAC yaradıldı – auditin və mühasibatın qlobal institusional idarəedicisi.

Bu dövrdə artıq audit sadəcə yoxlama yox, qanunla tanınmış peşə, hüquqi məsuliyyət daşıyan müstəqil rəy sahibi idi.

4. Etik kodekslərin yaranması: Rəqəmin arxasında mövqe dayanır

Ən mürəkkəb məsələ – rəqəmlərin özlüyündə həqiqət ifadə etməməsi idi. Həqiqət – onu tərtib edənin mövqeyi və dəyərləri ilə bağlıdır. Bu səbəbdən:

  • 1980-ci illərdən başlayaraq, auditin etik bazasının formalaşması sürətləndi;
  • 2001-ci ildə Enron skandalı etik dəyərlərin formallıqdan çıxarılıb institusional nəzarətə keçməsinin zəruriliyini göstərdi;
  • IESBA tərəfindən Etik Məcəllə qəbul olundu və 120-dən çox ölkədə tətbiq edilir.

Burada məqsəd sadəcə auditorun “dürüst olması” deyil. Məqsəd – onun dürüstlüyünü yoxlaya biləcək sistemin mövcud olmasıdır.

5. Bugün: Auditor – texniki şəxs yox, institusional təhlükəsizlik rolunda

Müasir dünyada auditor:

  • sahibkara yox, ictimaiyyətə qarşı məsuliyyət daşıyır;
  • rəy vermir, rəyin hüquqi və reputasiya məsuliyyətini daşıyır;
  • öz düşüncəsini yox, standartlaşdırılmış dünyagörüşünü təmsil edir.

Yəni auditor – fərdi rəy sahibi deyil, peşəkar qaydaların daşıyıcısıdır.

Audit bir peşə yox, ictimai funksiyadır

Bu gün auditə yeni baxış lazımdır. O, nə “möhür üçün lazım olan” prosedur sənəd, nə də “rəqəmlərə baxan” mühasibin versiyasıdır. Audit – iqtisadi münasibətlərin qanuni yox, etibarlı tərəfidir. Standartlar – sadəcə texniki tələblər deyil, etik mövqenin hüquqi çərçivəsidir.
Etika isə – şəxsi keyfiyyət yox, qorunan və tənzimlənən sistemdir.

Auditor bu sistemin bir parçası olduğu halda etimad yaranır. Yoxsa sistemsiz auditor, yalnız öz imzasını atır. Etimadsız imza isə – heç nə ifadə etmir.